Müasir insan və fast food – Ekspert araşdırması (Video)
Tələsən insan müasir şəhər həyatının formalaşdırdığı tipik obrazdır. Bu insan adətən daimi zaman çatışmazlığı yaşayır, stres altında olur və gündəlik qərarlarını düşünərək deyil, sürətlə verməyə məcbur qalır. Belə bir həyat tərzində sağlam qidalanma və sağlam olmaq arxa plana keçir, əsas prioritet isə ani rahatlıq və sürətli həll yolları olur. Nəticədə beyin “enerjini tez əldə et” rejiminə keçir və orqanizmi qısa müddətli enerji verən qidalara yönləndirir.
Məhz bu nöqtədə fast food tələsən insan üçün cazibədar seçimə çevrilir.

Birinci əsas səbəb zaman amilidir. Fast food tez hazırlanır, uzun gözləmə tələb etmir və əksər hallarda ayaqüstü, hərəkət halında belə yeyilə bilir. Beyin bunu rasional və effektiv həll kimi qəbul edir deyə,həm vaxt itirilmir, həm də aclıq hissi dərhal aradan qaldırılır.
İkinci mühüm amil stress və hormonal dəyişikliklərdir. Tələsik və gərgin həyat tərzi orqanizmdə kortizol hormonunun səviyyəsini artırır. Kortizol isə insanı xüsusilə yağlı, duzlu və şirin qidalara daha çox meylləndirir.
Fast food bu ehtiyaca sürətli cavab verdiyi üçün psixoloji baxımdan “sakitləşdirici” təsir göstərir. İnsan onu sadəcə qida kimi deyil, stressi azaltmaq üçün vasitə kimi qəbul etməyə başlayır.
Beləliklə, fast food tələsən insanın problemi deyil, əslində tələsik həyat tərzinin nəticəsidir. Zaman azlığı, stress və sürətli qərar vermə vərdişi birləşərək insanı sağlam seçimlərdən uzaqlaşdırır və ani rahatlıq verən, lakin uzunmüddətli sağlamlıq riskləri yaradan qidalara yönəldir.
Nəticə etibarilə;
Müasir insan tələskən həyat tərzi ilə sağlam qidalanma arasında balans yaratmağı bacarmalıdır.

Ağa Salamov / qida eksperti
