Qarpızla pendir birlikdə yeyilərkən faydaları nələrdir? – Ekspert Açıqlaması
Yay aylarında sərinlədici və yüngül qidalar arasında seçilən qarpız, Azərbaycanda həm dadına, həm də təravətləndirici təsirinə görə sevilir. Bu meyvə tez-tez duzlu pendirlə birlikdə süfrəyə təqdim olunur. İlk baxışda ziddiyyətli görünən bu dad birləşməsi, həm ənənəvi mətbəximizdə, həm də qidalanma baxımından maraqlı bir uyğunluq yaradır. Bəs qarpızla pendir birlikdə yeyilərkən faydaları nələrdir?
Qarpız tərkibində yüksək miqdarda su (təxminən 92%) olan, həm təravətləndirici, həm də antioksidant təsirə malik bir meyvədir. O, C vitamini, A vitamini, likopen və B qrup vitaminləri ilə zəngindir. Bu komponentlər immun sistemini gücləndirməklə yanaşı, hüceyrələrin oksidativ stresdən qorunmasına da kömək edir.Qarpızın lif tərkibi həzmi asanlaşdırır və bağırsaq florasına faydaları çoxdur.
Pendir isə probiyotiklər vasitəsilə bağırsaq mikroflorasının sağlamlığını dəstəkləyir. Bundan əlavə pendir zülal, kalsium, fosfor və B12 vitamini ilə zəngin olan süd məhsuludur. O, sümük sağlamlığı üçün vacib olmaqla yanaşı, əzələ funksiyasını və toxluq hissini də dəstəkləyir. Pendir həmçinin bədəndə duz və su balansını qorumağa kömək edir.
Bu iki qidanın birlikdə yeyilməsi sağlamlıq baxımdan da əhəmiyyətlidir. Qarpızın tərkibindəki C vitamini, pendirdə olan bəzi mineralların sorulmasını yaxşılaşdırır. Eyni zamanda, pendirin yağ və zülal tərkibi qarpızın tərkibində olan şəkərin qan dövranına yavaş sorulmasına səbəb olur, bu da qan şəkəri səviyyəsini stabilləşdirir.
Diqqət Edilməli Məqamlar
Porsiya nəzarəti : Hər iki qidanın həddindən artıq istehlakı, xüsusilə pendirin istehlakı yüksək yağ və duz tərkibi səbəbilə, sağlamlıq problemlərinə səbəb ola bilər.Hipertoniya və ya böyrək problemləri olan şəxslər, pendir yeyərkən diqqətli olmalıdırlar.
Ağa Salamov / Qida Eksperti
