Qış fəslində immun sistemini necə gücləndirmək olar? – Ekspert Açıqladı
İmmunitet səviyyəsi qanda olan D vitamini ilə və sağlam qidalanma ilə ölçülür. Həmçinin orqanik məhsulların istehlakı və ekoloji havanın təmizliyi ilə də ölçülür”. Bu sözləri qidaelmi.az – a açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov qeyd edib.

Onun sözlərinə görə, ümumiyyətlə immunitet sistemi kompleks şəkildə təkcə qidaya köklənərək ölçülmür: “Təbii ki, biz Omeqa – 3-ü dəniz məhsullarından, zeytun yağından əldə edirik. D vitamini ət məhsullarından əldə edirik. Bu yollarla da immunitet sistemini yüksəldə bilərik. İqlim dəyişikliyi, ekologiyanın korlanması immunitet sisteminin aşağı düşməsinin əsas səbəblərindən biridir. İmmunitetin güclənməsi üçün təbii ki, daha çox mövsümi meyvələrə, tərəvəzlərə üstünlük verməliyik. Çünki mövsümündə yetişən meyvələr və tərəvəzlər vitaminlə zəngin olurlar, amma elə meyvələr var ki, onlar iynələr vasitəsilə yetişdirirlər. Belə məhsulların insan orqanizminə heç bir faydası yoxdur, əksinə bəzi ziyanları vardır.
Qeyd etmək istərdim ki, ət məhsulları istehlak etmək, xaş istehlak etmək, kəllə-paça istehlak etmək, balıq istehlak etmək insanların qış aylarında immunitet səviyyəsini yüksəldir. Boş karbohidratlardan, un məmulatlarından, şəkərli məmulatlardan uzaq olmaq lazımdır. Düşünürəm ki, immunitet sisteminin güclü olması insanın torpağa bağlı olmasından irəli gəlir. Şəhər camaatı nəyə görə zəifdir? Fikir versəniz görərsiniz ki, tez-tez xəstələnirlər, halsız olurlar. Amma kənd camaatına nəzər salsaq görərik ki, sağlam, gümrah olurlar. Çox gec-gec xəstələnirlər. Çünki məhsulları mövsümündə istifadə edirlər”.
Qida Məsələləri Üzrə Mütəxəssis Ağa Salamov
