“Bürokratik “mexanizm” var, mənşəyi məlum olmayan…AİB SƏDRİ ZƏHƏRLƏNMƏLƏRDƏN DANIŞDI
«Qanunvericiliyə görə, qida zəncirində – qidanın tarladan, yaxud fermer təsərrüfatından istehlakçının masasına qədər çatıdırılmasında – əkilməsi, biçilməsi, hazırlanması, saxlanılması, daşınması, satılmasında və s. iştirak edən bütün subyektlər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) reyestrə daxil olmalıdırlar. Bundan sonra AQTA onlara nəzarət edə bilir. Bizdə olan məlumata görə, qida zəncirində olan subyektlərin çox az bir hissəsi reyestrə daxil olub. Hazırda elə bir cəld reaksiya mexanizmi yoxdur ki, istənilən təhlükəli qida barədə harasa məlumat verəndə qarşısının tez alınması üçün müəyyən iş görülsün. Çox bürokratik mexanizm var, buna “mexanizm” demək olarsa. Əgər istehlakçı təhlükəli bir qidanın satıldığı barədə AQTA-nın 1003 – Çağrı Mərkəzi”nə məlumat verərsə, qurumun ixtiyarı yoxdur ki, birbaşa gəlib müdaxilə etsin. Əvvəlcə gərək Ədliyyə Nazirliyinə müraciət olunsun, Nazirlik qarşı tərəfə yoxlamanın tarixi, səbəbi ilə bağlı məlumat versin. Yəni “O olmasın, bu olsun” kinosundakı kimi “aç qapını, gələk səni öldürək” prinsipi ilə. Yoxlama gələnədək qarşı tərəf bütün faktları yox edir, ona görə də heç bir nəticə əldə olunmur. Belə bir şəraitdə təhlükəli qidalar hər yerdə, o cümlədən universitet, məktəb bufetlərində də mövcuddur”.

Bu sözləri Pravda.az-a Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov tələbələr arasında son zamanlar zəhərlənmə faktlarının artması barədə danışarkən deyib.
O bildirib ki, cəld reaksiya mexanizmi olmadıqca, bufetləri icarəyə götürən sahibkarlar, ora gətirilən xammalın mənşəyi və s. izlənmədikcə zəhərlənmələr çoxalacaq, davam edəcək: “Təklif edirik ki, AQTA-nın Əsasnaməsində dəyişiklik olunsun. Vəziyyətə cəld reaksiya vermək imkanları yaradılsın, bürokratik mexanizm aradan götürülsün, üstəlik AQTA-nın işçilərinə saat 18:00-dan sonra da müdaxilə etmək imkanları verilsin. Bu dəyişikliklər olmasa, ölkədə qidadan zəhərlənmə halları çoxalacaq. Biznes strukturları dövlətin onlar üçün yaratdığı rahat şəraitdən sui-istifadə edirlər, təhlükəli qidaları insanlara satırlar. Təsadüfi deyil ki, ölkədə fəaliyyət göstərən 15 mindən çox dönərxana bu cür təhlükəli qidaların satıldığı böyük strukturdur. Bu məsələlərə son qoyulmalı, mütləq “İstehlakçıların hüququqlarının müdafiəsi haqqında” qanunda dəyişiklik edilməlidir. Bu qanun 1995-ci ildə qəbul olunub. Həmin vaxtan bəri dəyişiklik edilməyib, çoxdan köhnəlib…”
Qida Məsələləri Üzrə Baş Mütəxəssis Ağa Salamov
