İdxal olunan məhsullarda Azərbaycan dili problemi
Adətən hansısa bir məhsul alanda onun tərkibi, istifadə qaydaları ilə maraqlanırıq. Amma bəzən bu qaydaları əks etdirən yazılar xarici dillərdə olur. Təbii ki, xarici dil bilməyən şəxs isə məhsulun üzərində yazılanları oxuya bilmir. Ölkə qanunvericiliyinə görə isə Azərbaycan ərazisində istənilən ərzaq məhsullarının və dərman pereparatlarının ana dilində də yazıları olmalıdır.
Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov Bakıvaxtı.az-a bildirib ki, “Dövlət dili haqqında” qanun, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun və Nazirlər Kabinetinin qərarında birmənalı şəkildə qeyd olunur ki, ölkənin əmtəə bazarında olan bütün mallar xarici dil ilə yanaşı dövlət dilində də markalanmalıdır: “Bu, tələb ucuz vətənpərvərlik deyil, bu, istehlakçının mal haqqında informasiya almaq kimi beynəlxalq və yerli hüquqlarından biridir. Qonşu Gürcüstan və Ermənistan artıq neçə ildir bu məsələni həll edib. Milli dildə markalanmayan heç bir mal ölkənin əmtəə bazarına buraxılmır. Güclü inkişaf etmiş Azərbaycan bu qanunun yerinə yetirilməsində, demək olar ki, heç bir iş görmür. Məni ən çox təəccübləndirən məsələlərdən biri budur ki, dövlət orqanlarından biri dövlətin qanunlarının pozulduğunu görəndə onların əsasnaməsinə aid deyilsə, səslərini çıxarmırlar”.
AİB sədri mövzu ilə bağlı bu yaxınlarda gömrük orqanının iki zabiti ilə ciddi mübahisəsinin düşdüyünü xatırladıb: “Onlar əsasnamələrində olmadığı üçün malı içəri buraxdıqlarını deyirlər. Mən isə Bakıvaxtı.az saytı vasitəsi ilə deyirəm, sən dövlət orqanı olaraq görürsən ki, dövlətin bu qanunu pozulur, nə üçün məktub yazmır, dövlətin bu işə baxan digər orqanlarına məlumat vermirsiniz?! Bu işə birbaşa nəzarət edən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətidir. Lakin görək bunlar bu işi həll edirlərmi?! Azad İstehlakçılar Birliyinin 20 ildə yalnız ona gücü çatıb ki, “Unicef”in dəstəyi ilə körpə qidalarının intiriqentlərinin siyahısını tərcümə edib elektron və kağız versiyalarını verdik ki, heç olmasa bu olsun”.
Onun sözlərinə görə, ölkənin əmtəə bazarına baxsaq, avtomobillər, mürəkkəb texniki cihazlar, telefonlar və s. əksəriyyətinin müşahidəedici sənədləri xarici dildədir: “Xarici ölkələrin buradakı mağazalarına girsək, dəfələrlə tənqid olunmalarına, mediada adlarının çəkilməsinə baxmayaraq, malların 90%-i milli dildə markalanmayıb. Məni ən çox təəccübləndirən məsələlərdən biri budur ki, dövlət orqanlarının biri digərinin funksiyalarının işləməsinə kömək etmir”. Müsahibimiz dövlət orqanları arasında əlaqənin olmamasının onu çox narahat etdiyini bildirib: “Bu, dövlətçiliyimiz üçün çox zərərli məsələdir. İctimai təşkilat, kütləvi informasiya vasitələri bir məsələ qaldırırsa, nə üçün dövlət orqanları bunu təqib etmir, izləmirlər? Bu məsələ ildən ilə daha da pis vəziyyətə gəlib çıxır. Dövlət qurumları arasında fəal əlaqə olmalı, KİV ciddi izlənilməlidir”.
E.Hüseynov deyir ki, milli dildə markalanma ilə bağlı ən acınacaqlı hal İran malları ilə bağlıdır: “Mən bu yaxınlarda, daha doğrusu, 3 ay əvvəl məsələ qaldırdım, yenə də “baxarıq”, “tədbir görərik” kimi cavablar aldım. İran mağazalarında satılan gündəlik tələbat mallarının əksəriyyətinin üzərindəki son buraxılma tarixini oxuya bilmirəm. Çünki fars əlifbası ilədir. Mütləq bu məsələ həll olunmalıdır. İnsanların milli dildə informasiya almaq hüququ təmin olunmalıdır”.
İqtisadçı-ekspert Natiq Cəfərli Bakıvaxtı.az-a bildirib ki, Azərbaycan qanunvericiliyinə görə, ölkə ərazisində istənilən ərzaq məhsullarının və dərman pereparatlarının Azərbaycan dilində yazıları olmalıdır: “Yəni, qanunvericilik bunu tələb edir. Ancaq, təəssüf ki, Azərbaycanda bu qanunvericiliyin yerinə yetirilməsində problemlər var. Buna görə də, bəzən, doğrudan da, yerli bazarlarda satılan məhsulların çıxarışı və yaxud üzərindəki yazıların əcnəbi dillərdə olduğunun şahidi oluruq”.
Ekspert deyir ki, bu məsələ qanunla tənzimlənməlidir və tənzimlənir də: “İqtisadiyyat Nazirliyinin nəzdində istehlakçıların hüquqları ilə məşğul olan müvafiq departament var. Onlar bu məsələyə nəzarət etməli və qanunun tələbinin yerinə yetirilməsinə çalışmalıdırlar”.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinədən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən istehlakçıların əsas hüquqlarından biri də malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməkdir. Belə ki, həmin Qanunun 13-cü maddəsinə əsasən satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri, əldə edilməsi şərtləri, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir.
Qeyd olunub ki, Nazirlər Kabinetinin 94 nömrəli Qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.8-ci maddəsinə əsasən ölkə ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində olmalıdır. Eyni zamanda ölkəmizə idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələrinin başqa dillərlə yanaşı, Azərbaycan dilində tərcüməsi də olmalıdır.
“Satılan mal barəsində yanlış məlumatın və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına səbəb olubsa, onun müqaviləni ləğv etmək və itkilərin ödənilməsini tələb etmək hüququ var”.
Məlum olduğu kimi, istehlakçıya mal haqqında məlumat qanunvericiliyin tələbləri nəzərə alınmaqla çatdırılmalıdır: “Bu qaydalara əməl etməyən şəxslər inzibati qaydada məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 453-cü maddəsinə əsasən istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri, əldə edilməsi şərtləri, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində satıcı (icraçı) tərəfindən istehlakçıya məlumatın verilməməsinə görə iki yüz manat məbləğində cərimə nəzərdə tutulub”.
Qurumun məlumatına görə, aparılan müşahidələr zamanı ötən il 10 müəssisə tərəfindən ölkəyə idxal edilən 17 adda qeyri-ərzaq mallarının etiketlərində Azərbaycan dilində zəruri məlumatların olmadığı müəyyən edilib. Qanun pozuntusunun aradan qaldırılması üçün həmin müəssisələrə məktublar ünvanlanıb. Dövlət Xidmətinə təqdim olunan məlumatda qanun pozuntularının aradan qaldırıldığı bildirilib. Cari ilin müvafiq dövründə isə analoji qanun pozuntusuna görə 9 müəssisəyə məktublar göndərilib, 8 müəssisədə qanun pozuntusu aradan qaldırılıb. 1 müəssisə barədə isə işlər davam etdirilir.
“Qeyd edək ki, sözügedən qanun pozuntusu ilə bağlı fakt və sübutların əks olunduğu müraciətlər Dövlət Xidmətinə daxil olarsa, müvafiq araşdırmalar aparılaraq qanunamüvafiq tədbirlər görüləcək”, – deyə məlumatda vurğulanır.
Qida Məsələləri Üzrə Mütəxəssis Ağa Salamov
