Naxçıvanda ailə təsərrüfatına dövlət dəstəyi – FOTOLAR
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 22 noyabr 2017-ci il və 18 yanvar 2019-cu il tarixli sərəncamları ilə “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı” Tədbirlər planlarının təsdiq olunması, 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan edilməsi isə belə təsərrüfatların inkişafına nail olunmasının dövlətimiz üçün nə qədər böyük rol oynadığını göstərir.

Həmçinin 2019-cu ildə Naxçıvan Muxtar Respublikası Ailə Təsərrüfatları İctimai Birliyinin yaradılması, Sahibkarlığın İnkişafı Fondu tərəfindən ailə təsərrüfatlarına maliyyə dəstəyinin göstərilməsi, ticarət obyektlərində ailə təsərrüfatı məhsulları guşələrinin yaradılması belə təsərrüfat sahibləri qarşısında yeni imkanlar açıb.

Həmçinin ailə təsərrüfatlarında istehsal edilən məhsulların keyfiyyət göstəricilərinin nəzarətdə saxlanılması, sertifikatlaşdırılması və markalanması istiqamətində aidiyyəti təşkilatlar tərəfindən lazımi köməkliklər göstərilməsi, ailə təsərrüfatları məhsullarının tanıdılması məqsədilə

“Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərgi salonunda ailələrdə istehsal olunmuş müxtəlif növ və çeşiddə məhsulların nümayişi hər bir təsərrüfat sahibi üçün mühüm dəstək sayılır.

Muxtar respublikamızda istehsal oluan kənd təsərrüfatı və ərzaq məhsullarının hamısı daxili bazarda (Naxçıvan, Bakı və digər bölgələrdə) “Naxçıvan məhsulları” ticarət nişanı ilə satışa çıxarılır.

Xarici bazarlarda və sərgilərdə isə “Made in Azerbaijan” brendi altında təqdim olunur. Eyni zamanda bu Azərbaycan brendinin altında xeyli sayda yerli brend məhsulları satılır.

Təbiiki, yaradılmış şərait, göstərilən dövlət dəstəyi ailə təsərrüfatlarını daha yaxşı fəaliyyət göstərməyə, daxili bazarı keyfiyyətli məhsullarla təmin etməyə, rəqabətqabiliyyətli məhsul istehsal etməklə ixraca dəstək olmağa, dolayısı ilə muxtar respublikamızın təbliğinə yeni töhfələr verməyə çağırır.
Qida Məsələləri Üzrə Mütəxəssis Ağa Salamov
