Kulinarlarımız Türkmənistanda milli mətbəximizin incilərini nümayiş etdiriblər – (Fotolar)
5–8 avqust 2025-ci il tarixlərində Türkmənistanın Avaza Milli Turizm Zonasında keçirilən BMT-nin Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə III Konfransı çərçivəsində “Azərbaycan Milli Günləri” təşkil olunub. Tədbirlər Azərbaycanın zəngin mədəniyyətini, tarixi irsini və incəsənət ənənələrini beynəlxalq auditoriyaya təqdim edib.

Azərbaycan pavilyonu konfrans məkanında ziyarətçilərə açıq idi. Burada ölkəmizin tarixi və mədəni irsinə dair kitablar, broşürlər, suvenirlər, xalçalar, kəlağayılar və tətbiqi sənət nümunələri sərgilənib. Ziyarətçilər qədim sənətkarlıq ənənələrimizi əks etdirən əl işləri ilə də tanış olublar.

Açıq havada təşkil olunan “Azərbaycanın milli irsinin inciləri” adlı incəsənət sərgisində Azərbaycan Milli Xalça Muzeyinin fondundan xalçalar, intarsiya, şəbəkə, zərgərlik, təkəlduz və kəlağayı nümunələri nümayiş olunub. Həmçinin xalça toxuma, şəbəkə sənəti, zərgərlik və kəlağayı hazırlanması üzrə ustad dərsləri keçirilib.

Sərgi zonasının kulinariya bölməsində milli mətbəximizin ənənəvi yeməkləri və şirniyyatları təqdim olunub. Ölkəmizin qonaqpərvərliyi və kulinariya ənənələri də nümayiş olunub.

5 avqust tarixində konfransın açılış mərasimi çərçivəsində Qala konsert təşkil edilib. 6 avqustda “Azərbaycan Milli Günü” münasibətilə möhtəşəm konsert proqramı, 8 avqustda isə Azərbaycan incəsənət ustalarının iştirakı ilə yekun Qala konserti baş tutub.

Qida Eksperti Ağa Salamov
