Dünya Şeflər Birliyi Assosiasiyasının (World Chefs) rəsmi çempionatı statusunda ilk dəfə olaraq “Qızıl Şah” kulinariya çempionatı keçirilib – FOTOLAR
Mayın 19-da ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qızıl şah” III Milli Kulinariya Çempionatının bağlanış mərasimi olmuşdur. Müsabiqə Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası, Dövlət Turizm Agentliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Kulinariya Mərkəzi və “CEO Azerbaijan” MMC-nin təşkilatçılığı ilə keçirilir.

Mərasimdə çıxış edən Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova qeyd edib ki, Agentliyin tabeliyində olan Milli Kulinariya Mərkəzi qastronomik turizmin inkişafı istiqamətində bir sıra işlər həyata keçirir: “Dövlət Turizm Agentliyinin bu istiqamətdə əsas yanaşması turizmin inkişaf etdirilməsidir. Qastronomik turizm məhsulları, milli mətbəx nümunələrinin beynəlxalq səviyyədə təqdim edilməsi və təbliği. Eyni zamanda, müasir təhsil yanaşmalarının tətbiqi, yerli mütəxəssislərin beynəlxalq yarışlarda iştirak təcrübəsinin artırılması və milli komandanın formalaşdırılması da Dövlət Turizm Agentliyinin məqsədləri sırasındadır”.
Azadə Hüseynova qeyd edib ki, belə müsabiqələr Dövlət Turizm Agentliyi tərəfindən də dəstəklənir və onun fikrincə, ölkəmizdə kulinariya sənətinin inkişafına töhfə verilir. Azərbaycan Kulinariya Assosiasiyasının icraçı direktoru Fərhad Aşurbəyli bildirib ki, bu il Dünya Şeflər Birliyi Assosiasiyasının (World Chefs) rəsmi çempionatı statusunda ilk dəfə olaraq “Qızıl Şah” rəsmi olaraq keçirilib. Bu, Milli Kulinariya Çempionatının qaliblərinin, müsabiqənin nəticələrinin və təcrübə keçən hakimlərin sertifikatlarının beynəlxalq kulinariya ictimaiyyəti tərəfindən birbaşa tanınması imkanı yaradır.
Mükafatlandırma mərasimində “Gənc kulinarlar”, “ Yaşlı kulinarlar” və “Şirniyyatçı” nominasiyaları üzrə 55 bürünc, 22 gümüş və 16 qızıl medal verilib. Bundan başqa, Rasim Rzayev (1-ci yer), Seymur Rəcəbov (2-ci yer) və Elgün Məmmədov (3-cü yer) “Qızıl Şah” çempionat kubokuna layiq görülüblər. “Gənc Kulinariya” kateqoriyasında Kamal Ağayev, Hüseyn Məmmədov və Nüşabə Zərbəliyeva kubokun qalibi olublar.

Qida Məsələləri Üzrə Mütəxəssis Ağa Salamov
